Aslan Isabeyli: Əgər müxalifətçi kimi desələr ki, biz ali dini rəhbərliyin ləğvini istəyirik və yeni konstitusiyanın xalq referendumu ilə müəyyənləşməsini tələb edirik, bu halda orada yaşayan xalqlar düşünüb addımlar ata bilərlər.

Hazırda İranda baş verən proseslərdə diqqəti çəkən məqamlardan biri Azərbaycan
Milli Hərəkatının ölkə müxalifətinə - "Yaşıl hərəkat"a dəstək verməməsidir.
Halbuki ölkədə milli haqların təmin olunması uğrunda illərdir mübarizə aparan və
bu yolda çoxsaylı qurbanlar verən hərəkatçıların hakimiyyətə qarşı olan
qüvvələrlə bir yerdə olacağı gözlənilirdi. Kanadada yaşayan güneyli, Azərbaycan
Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan Xalidi hesab edir ki, milli
fəalların "Yaşıl hərəkat"a dəstək verməməsinin səbəbləri var.


 - Qeyd etmək lazımdır ki, müəyyən dövlətlər İranda gedən proseslərin
nəzarət altından çıxmasından narahatdır. Bunun səbəbi nədir? Mən qısa olaraq
Əhmədnejadın hakimiyyətə gəlməsinə toxunmaq istəyirəm. Xomeyni hakimiyyətə
gələndən sonra xomeyniçilik ideologiyasının çox mənfi cəhətləri oldu, çoxlu
insanlar edam olundu, insanlar dini fanatizmə sürükləndi, dünyada terror
şəbəkəsi yaradıldı. Ancaq bütün bu mənfi hərəkətlərin müsbət nəticəsi o oldu ki,
orada yaşayan millətlər İran adlı bir məfhuma nifrət etdilər. Daha doğrusu, bu
ideologiyadan zərbə alan millətlər silkələnib özünə gəldilər. Və bu gün vahid
mövqedən çıxış edirlər. Düşündürücüdür, xarici dövlətlər bu xalqların simasında
İranda yeni müxalifətin yaranmasına imkan vermirlər?

   - Yeni müxalifət deyərkən kimləri nəzərdə tutursunuz?

   - Biz yeni müxalifət deyəndə,
İran-İraq müharibəsi zamanı Xomneyinin vəziri olmuş Mirhüseyn Musəvini nəzərdə
tutmuruq. Yeni müxalifət İranda yaşayan millətlərin nümayəndələrindən ortaya
çıxan bir siyasi qüvvədir. Ancaq maraqlıdır ki, bir sıra qonşu dövlətlər və Qərb
dövlətləri bu siyasi qüvvənin ortaya çıxmasını o qədər də istəmirlər. Onların
marağı dairəsində deyil ki, İrandakı xalqlar bir araya gəlib indiki rejimi
dışlasınlar və bu xalqlardan ibarət demokratik bir sistemin yaradılmasına nail
olsunlar.

   - Əgər söhbət demokratik cəmiyyətdən gedirsə, Qərb bunu niyə istəməsin?

   - Biz nə qədər də əsaslandırsaq ki, siz qorxmayın,
əgər xalqların hakimiyyəti yaranarsa, İran ölkə olaraq parçalanmayacaq, onlar
bunu yaxşı bilirlər ki, 35 milyon Azərbaycan türkü deyir, mənim hüququmu müdafiə
etməyən insanı mən müdafiə etməyəcəyəm. Millət öz milli haqlarını istəyir. Milli
haqqın nədən ibarət olduğunu bilən xalq mütləq müstəqilliyə can atacaq. Avropa
dövlətləri də bu prosesləri yaşayıblar. Ona görə də, xarici dairələr ən gözəl
yol kimi bu ölkədə çoxluq təşkil edən azərbaycanlıların içindən bir nəfər
(Musəvi) və başqa bir etnik millətin nümayəndəsini (Kərrubi) meydana çıxararaq
yeni bir müxalifətin qurulmasına nail olublar. Bunu da etiraf edə bilərəm ki,
müxalifət adına iddia edən bu qüvvələrin qapı arxasında nə düşündüklərini biz
bilmirik. Biz bilmirik, bunların siyasi strategiyası nədir? Millətlərlə bağlı nə
düşünürlər, hakimiyyətə gələcəklərsə dövləti nə formada idarə etməyi düşünürlər?
İndiki mürtəce Konstitusiyada dəyişikliklərin tərəfdarıdırlarmı? Onların
şüarlarından biri budur: Biz Xomeyni ideologiyasına zərbə vurmuş və "müsəlman
xalqı"nın haqlarını pozmuş insanlara qarşı müxalifət kimi ayağa qalxmışıq və
millət də bizim arxamızdadır. Əgər bunlar xomeyniçilik ideologiyasına
söykənirsə, xomeyniçilik ideologiyası millətləri görmür. O zaman sual meydana
çıxır, görəsən, bunlar hakimiyyətə gəlib, indiki konstitusiya ilə işləməyə
başlayacaqlar? Əgər o konstitusiya hakimiyyətdə olacaqsa, demək ali dini lider
titulu da ləğv olunmayacaq.

   - Bəs, ümumiyyətlə, islahat nəzərdə tutmurlar?

   - Əgər müxalifətçi kimi desələr ki, biz ali dini
rəhbərliyin ləğvini istəyirik və yeni konstitusiyanın xalq referendumu ilə
müəyyənləşməsini tələb edirik, bu halda orada yaşayan xalqlar düşünüb addımlar
ata bilərlər. Bunu da qeyd etmək lazımdır ki, hazırkı müxalifətin çox çətin
şəraitdə fəaliyyət göstərdiyini deyirlər. O şəraiti nəzərə alaraq radikal
ifadələr işlədə bilmirlər. Belə etsələr, müxalifəti sıradan çıxara bilərlər.
Amma maraqlıdır, görəsən, xomeyniçilik ideologiyasının əleyhinə çıxan dünyanın
başqa yerlərində müxalif qüvvələr, demokratik düşüncəyə malik insanlar yoxdurmu?
Əksinə, əgər şərait yaradılsa, millətlər bir araya gəlib yeni müxalif qüvvə
formalaşdıra bilsələr, konstitusiya ilə bağlı radikal tələblər irəli sürəcəklər.
Əgər xomeyniçilik ideologiyası sıradan çıxarsa, Yaxın Şərqdə, ərəb ölkələrində
sülhə nail olmaq çox asan olacaq. Çünki, terrorçu şəbəkələrə dövlət səviyyəsində
dəstək verən olmayacaq. Bəs nədən adını çəkmək istəmədiyim dövlətlər hazırkı
rejimin başqa ad altında yaşamasının tərəfdarıdır? Xalq isə demokratik
dəyişiklik və milli haqlarını istəyir. Hakim rejim bu tələbləri yerinə yetirmək
istəmədiyinə görə çalışır öz içində müxalifət yaratsın. Və bu müxalifəti də
xarici dövlətlər dəstəkləyirsə, buna təəssüf etmək lazımdır. Görəsən, "Biz İran
müxalifətini dəstəkləyirik" deyən ABŞ-ın dövlət katibi Hillari Klinton bu
sözləri bölgədə gedən siyasi prosesləri bilmədiyindən, siyasi savadsızlığından
işlədir, yoxsa, oradakı millətlərin önə çıxmasını istəmir? Mən bir güney
azərbaycanlısı kimi dünya dövlətlərinə bu mesajı göndərmək istəyirəm ki, bizim
xalqımız bu proseslərdə hər hansı dövlətin kəşfiyyat orqanlarının, yaxud indiki
rejimin ssenarilərində olmayacaq. Artıq Güney Azərbaycan istəmir ki, Pişəvəri
hökuməti kimi ABŞ-la Rusiya arasında bağlanan anlaşmanın qurbanı olsun.
Aqil CAMAL
http://www.ekspress.az/2011/03/05/get=34831

Hiç yorum yok: