Aslan Xalidi: "Hərbi təlimlərdə Azərbaycan bayrağı İsrail, Amerika bayrağı ilə birgə yandırılır"

"İran 4 min azərbaycanlını təhvil verməlidir"
Ana Vətən Partiyası (AVP) sədrinin müavini, millət vəkili Zahid Orucun son təklifi güneylilərin etirazı ilə qarşılanıb. Millət vəkili Zahid Oruc Azərbaycanda fəaliyyət göstərən mühacirlərin İrana təhvil verilməsini istəyir. Onun fikrincə, Azərbaycana gələn güneylilər İranın xüsusi xidmət orqanlarına işləyir.
CAP-ın təşəbbüs qrupunun üzvü Aslan Xalidi AVP funksionerinin təklifinə qarşı çıxdığını dedi. Aslan Xalidinin sözlərinə görə, həmişə Azərbaycan qanunlarına hörmətlə yanaşaraq, dövlətin daxili işlərinə müdaxilə etməyiblər: "Azərbaycanın bütövlüyü uğrunda mübarizəmizi bundan sonra da davam etdirəcəyik və heç kim bizim qarşımızı ala bilməyəcək.
Təəssüflər olsun ki, son vaxtlar Azərbaycan mətbuatında güneylilərlə bağlı cəmiyyətdə eybəcər fikir formalaşdırılır. Biz bu məsələdə nə iqtidarı, nə də ki, müxalifəti günahlandırırıq. Burda gözə görünməyən qara qüvvələrin əli var. Həmin qüvvələr molla rejiminin planlarına xidmət edən şəxslərdir. Bizə indiyə kimi Azərbaycan hökumətinin nə maddi, nə də ki, mənəvi dəstəyi olub. Ona görə də hər hansı bir partiya bizim daxili işimizə qarışmamalıdır".
Yaxın günlərdə İranın daxili işlər naziri Əbdülvahid Musəvi Larinin Azərbaycana səfərə gələcəyini xatırlayan Aslan Xalidi maraqlı təklif verdi: "Belə bir səfər ərəfəsində millət vəkili Zahid Oruc bir neçə təsadüfi güneylinin əməllərindən istifadə edərək bütün cənubluları ləkələməyə çalışır. Azərbaycanın hüquq-mühafizə orqanları istənilən şübhəli şəxsin kimliyini araşdıra bilər. Biz özümüz də bunu tələb edirik. Araşdırma aparılmalı, İranla bağlı olan şəxslər üzə çıxarılmalıdır. Həmin millət vəkili Azərbaycan dövlətçiliyinin əleyhinə Mədəniyyət Mərkəzi adı altında fəaliyyət göstərən, ona sədrlik edən Ocaq Nicatın və onun ətrafındakıların terror, təxribatçılıq istiqamətində olan əməllərinə heç bir reaksiya verməyib. Bundan başqa, Azərbaycanda Xomeyni adına Yardım Komitəsi guya vətəndaşların maddi durumunu nəzərə alaraq, onlara köməklik göstərir. Amma dəqiq faktlar var ki, həmin komitə yardım adı altında azərbaycanlı gənclərə xomeyniçilik prinsipini, ideyalarını təbliğ edir. Bu gənclərdən gələcəkdə Azərbaycana qarşı terror aktları törətməkdə istifadə ediləcək".
Aslan Xalidi bildirdi ki, Azərbaycan müstəqilliyini elan edən ildən İran Bakıda öz gizli şəbəkələrini qurmağa başlayıb. Onun sözlərinə görə, Mədəniyyət Mərkəzi, "İmdad" Komitəsi və İranın xüsusi xidmət orqanlarının əli ilə Azərbaycandan gəncləri qeyri-qanuni olaraq o taya keçiriblər: "Həmin azərbaycanlılara Qum, Qəzvin, Məşhəd və Tehran şəhərlərinin ətrafında yerləşən Sepahe-Pasdaranın (xüsusi xidmət orqanı) hərbi hissələrində təlim keçilir. Onlar din pərdəsi adı altında xomeyniçilik prnisiplərini təbliğ edirlər. Bununla yanaşı, Azərbaycan tarixini təhrif edilmiş şəkildə tədris edirlər. Onlar təbliğ edirlər ki, guya ümumiyyətlə, Azərbaycan adlı dövlət olmayıb, bütün ərazi İrana məxsus olub. Təsəvvür edin ki, həmin gənclər azərbaycanlı olduqlarına nifrət edirlər. Həmin hərbi hissələrdə Azərbaycan bayrağı İsrail, Amerika bayrağı ilə birgə yandırılır. Bu gün Azərbaycanda o qədər gözü yaşlı analar var ki, dərdlərini heç kimə aça bilmirlər. Bu acı həqiqətlərlə bağlı bizim əlimizdə kifayət qədər məlumatlar və faktlar var".
CAP yetkilisində olan məlumatlara görə, İranın bir neçə şəhərində yerləşən hərbi hissələrdə təlim keçən azərbaycanlı gənclər çox vaxt buradakı çətinliklərə tab gətirə bilmirlər: "18-19 yaşlı uşaq ağır təlimlərə dözə bilmir. Bu cür uşaqların təlim vaxtı həlak olması barədə bizdə xeyli faktlar var. Bundan şikayət edən bir nəfər azərbaycanlını bıçaqla vurub qətlə yetiriblər. Sonra da yoldaşlarına deyiblər ki, guya dostu ilə zarafatlaşanda ona bıçaq batıb. Sonra onu kimsəsiz bir yerdə - dağın ətəyində basdırıblar. Başqa bir azərbaycanlanı isə yerindəcə güllələyiblər. Bu faktlar millətini sevən hər birimizi düşündürməlidir".
Aslan Xalidinin açıqlamasına görə, İranda təxminən 4 minə qədər bu cür azərbaycanlı saxlanılır. CAP funksioneri bildirdi ki, həmin insanlar xüsusilə, Bakıdan, Abşerondan və cənub rayonlarından aparılıblar: "Mən inanmıram ki, Azərbaycan hökuməti Zahid Orucun həmin təklifinə dəstək verəcək. Amma yaxşı olardı ki, bizim İrana təhvil verilməyimizi təklif edənlər bu məsələlərə də toxunsunlar. İranın daxili işlər naziri Azərbaycanda olanda tələb edilməlidir ki, qeyri-qanuni yollarla o taya keçirilən 4 min nəfər Azərbaycana qaytarılsın. Həmin 4 min nəfəri Azərbaycana təhvil versələr, burdakı güneylilərin İrana qaytarılmasına razıyıq".

Hiç yorum yok: