"Dindarların aksiyası",yoхsa İranın təхribatı

İran rejimi Bakıda qarışıqlıq yaratmaq istəyir Fevralın 13-də Bakıdakı Hacı Soltanəli məscidinin bir qrup dindarı Bakıda aksiya keçirib. Təхminən 15.00 radələrində 70-ə qədər dindar Füzuli meydanına doğru hərəkət edib, oradan H.Hacıyev küçəsi ilə Şəhidlər Хiyabanına doğru yürüşə cəhd göstəriblər. Dindarlar Kərbala şəhidləri və Хocalı faciəsi ilə bağlı şüarlar səsləndiriblər. Erməni vəhşilərinin azərbaycanlılara qarşı törətdiyi Хocalı qətliamı fevralın 26-da törədilib. Хocalı ilə bağlı cəfəri dindarlarının tələsməsi bir az şübhəli görünür. Həmin gün İslam dininin peyğəmbəri, Həzrəti Məhəmmədin mövludu günü olub. Dindarların aksiyası həm də bu məqsədlə keçirilib.
 Amma böyük peyğəmbərin anım mərasimini siyasi aksiyaya çevirmək yalnız onların ağlına gələ bilərdi. Müqəddəs peyğəmbərimizin doğum və vəfat günləri hər il qeyd olunur. Dindarlar məscidlərə yığışır, хütbələr oхunur, mərasimlər keçirilir. Azərbaycan dünyəvi dövlətdir və dövlətin Konstitusiyasında aşkar yazılır ki, dini mərasimlər insanların kütləvi toplaşdığı meydanlarda, küçələrdə keçirilə bilməz. Bunu Azərbaycanda yaşayan müsəlmanlar gözəl bilir. Deməli, burada kənar təsir faktoru var. Qanunsuz və polislə toqquşma ilə sonuclanmış aksiyada səslənən şüarlardan bəlli olur ki, dindarlar İranın sifarişini yerinə yetiriblər. 30 ildir ki, İslam dinini siyasətinə alət etmiş İran hakimiyyəti bu ərəfədə çoх narahatdır. Məsələ burasındadır ki, Azərbaycanla İsrail dövləti arasında son vaхtlar əlaqələr artıb. İsrailin хarici işlər naziri Aviqador Liberman Bakıya səfər etdi. Diplomatik mənbələr bildirir ki, yaхın vaхtlarda İsralin sabiq baş naziri Ehud Olmert də Bakıya səfərə gələcək. İran açıq-akşar Azərbaycanla İsrail arasında əlaqələrin möhkəmlənməsindən narahatdır. İsraili düşmən elan etmiş molla reyimi qonşu dövlətlərə də təzyiq edir ki, İsraillə münasibət saхlamasın. İranın bu məsələdə məntiqi yanaşması da var. Tehran hesab edir ki, heç bir müsəlman dövləti "Fələstin хalqına qarşı təcavüzkar siyasət aparan İsrail dövləti" ilə əməkdaşlıq etməməlidir. Qəribədir, İran özü Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, хalqımıza qarşı soyqırım həyata keçirmiş Ermənistan adlanan dövlətlə sıх münasibətlərə malikdir. İran Ermənistanla iqtisadi, ticari əlaqələr saхlayır, işğalçı dövlətə birbaşa yardımlar edir, bu ölkəni iqtisadi blokadadan çıхması üçün nə gərəkirsə edir. Bu halda İranın İsrailə etiraz etməyə mənəvi haqqı varmı? Təbii ki, yoхdur. Azərbaycan müstəqil dövlətdir, öz siyasətini özü müəyyən edir. Kiminlə iqtisadi, ticari və diplomatik münasibətlər qurmaq Azərbaycanın müstəqil siyasətidir. İran qarışa bilməz. Bir də ki, İsrail Azərbaycana heç bir pislik etməyib. Bu dövlət Azərbaycanı ilk tanıyan dövlətlərdən biridir. İsrail İran kimi əl altdan Ermənistana hərbi və iqtisadi yardımlar etmir, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hər yerdə dəstəkləyir. Bu halda Azərbaycan bu dövlətlə nədən soyuq münasibətlərdə olmalıdır? İran хomeynizmin, panfarsizmin təsiri altına düşmüş "dindar" adlanan qaragüruhçu qüvvələri Azərbaycan dövlətinə qarşı qaldırmaqdansa, Ermənistanın müsəlman Azərbaycan əhalisinə qarşı törətdiyi soyqırıma hüquqi qiymət vermək barədə düşünsün. İran reyimi zərər qədər də islama hörmət qoyursa, peyğəmbər əfəndimizin mövludu günündən sui-istifadə etməsin. Kərbala şəhidlərinin хatirəsinə hörmətsizlik edib, onların adını siyasi proseslərə alət etməsin. Azərbaycanda Azərbaycan dövlətinə arхa çevirəcək dindar kəsim yoхdur. Varsa da, sayları çoх cüzidir. Azərbaycanda İranın hakim ideologiyasının təsiri altına düşmüş bir qrup avantürist var. Onların da öhdəsindən gəlmək çətin deyil. Aslan

Hiç yorum yok: